Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7393

Digər sorğular

Postmüharibə dövrü: çevik sosial dəstək tədbirləri geniş miqyas alır

18:19  |    16 Mart 2021  |   E-mail  |  Çapa göndər

Tarixi Qələbə ilə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə icra olunan sosial dəstək proqramları barədə suallarımızı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cavablandırır.

- Cənab nazir, postmüharibə dövründə ölkəmizdə geniş vüsət alan sosial dəstək paketi hansı əhali kateqoriyalarını və dəstək istiqamətlərini əhatə edir? Artıq nə qədər vətəndaşımız bu tədbirlərdən faydalanıb?

- Hər il ölkəmiz üçün yeni irəliləyişlərlə, dövlətimizi daha da gücləndirən böyük nailiyyətlərlə yadda qalır. 2020-ci il isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdiyi və 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edildiyi bir il kimi, şanlı qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə həkk olundu. 44 günlük qısa bir dövr ərzində Azərbaycan müasir dünya hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümunəsi kimi yazılan uğurlu hərbi əməliyyatlarla beynəlxalq səviyyədə tanınan ərazilərini azad etdi, xalqımızın 30 illik həsrətinə son qoyuldu.

Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında “Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq” deyən cənab Prezidentin vurğuladığı kimi, “Bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”.

Bu müharibədəki Qələbə ilə Azərbaycan qüdrətli orduya malik güclü dövlət olduğunu əyani şəkildə nümayiş etdirdi. Tarixdə müharibələr zamanı adətən arxa cəbhədə insanların rifahının sanki arxa plana keçdiyini görmüşük. Lakin 44 günlük müharibə zamanı Prezident İlham Əliyevin göstərişi ilə bütün sosial müdafiə mexanizmlərinin arxa cəbhə missiyasına uyğun daha çevik, operativ fəaliyyət rejimi, dayanıqlı sosial təminat prosesləri, məşğulluq məsələləri təmin olundu. Müharibədən, erməni terrorundan zərər çəkənlərə psixoloji dəstək və s. işlərə başlandı, ön cəbhədə müharibə getdiyi vaxtda da arxa cəbhədə şəhid ailələri və müharibə əlilləri üçün mənzillə, avtomobillə təminat proqramları uğurla davam etdirildi.

Azərbaycan postmüharibə dövrünə də çevik və genişmiqyaslı sosial dəstək paketi ilə daxil oldu. Bu dəstək paketi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri, eyni zamanda qeyd olunan şəxslərin yaxınlarını əhatə edir. Dəstək istiqamətləri isə genişdir, buraya sosial təminat hüquqlarının çevik reallaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, maddi yardım, məşğulluq məsələlərinin operativ həllində, kiçik biznes imkanlarının yaradılmasında dəstəyin göstərilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. kimi dəstək işləri daxildir. Ümumilikdə postmüharibə üzrə bu dəstək paketi artıq 20 mindən çox insanı əhatə edib.

Şəhid ailələrinə, müharibə əlillərinə dəstək tədbirlərindən bəhs edərkən, ilk növbədə, cənab Prezidentin xüsusi diqqət və qayğıkeşliyi ilə onların mənzil və fərdi evlə təminatının geniş vüsət aldığını vurğulamaq istərdim. Bunu son illərin timsalında da aydın görmək olar: 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934, 2020-ci ildə isə 1572 mənzil və fərdi ev verilib.

Postmüharibə dövründə isə Prezident İlham Əliyevin tapşırığı ilə bu proqramın dəfələrlə genişlənməsi üçün işlərə başlanıb. Keçmiş köçkünlər üçün inşa olunmuş mənzillər də indi şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir.

Cari il fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması tədbirində (Şəkil 1-2. Ramana tədbiri) dövlət başçısı bu il də 3 minə yaxın mənzil veriləcəyini, həmçinin ötən dövrdə müharibə əlillərinə 7200-ə yaxın minik avtomobilinin verildiyini bildirdi. Prezident şəhid ailələrinin, müharibə əlillərinin daim dövlət qayğıkeşliyi ilə əhatə olunduqlarını vurğulayaraq: “Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar” deyə bəyan etdi.

Göründüyü kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfəyə yaxın genişlənəcək.

Ümumilikdə Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli sərəncamı ilə nazirliyimiz yaxın 5 ildə - 2014-2019-cu illərdə uçota alınmış şəxslərə və 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim edəcək.

Beləliklə, şəhid ailələrinə, müharibə əlillərinə əgər 1997-2020-ci illərdə 9200 mənzil və fərdi ev verilibsə, cənab Prezidentin xüsusi qayğıkeşliyi nəticəsində yaxın 5 ildə onlara daha 11 min mənzil və fərdi ev veriləcək. Bununla mənzil və fərdi evlə təmin olunanların sayı 2025-ci ilin sonuna 20 mini ötəcək. Artıq 2021-ci ilin planı üzrə 100 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib və il ərzində bu tədbirlər ardıcıllıqla davam edəcək.

- Sosial dəstək paketi üzrə daha hansı işlər aparılır? Qeyd olunan hədəf qrupları hansı sosial təminat növləri ilə əhatə edilirlər? Bu sahədə işlər necə təşkil olunub?

- Nazirliyin həm rəhbər vəzifəli şəxsləri, həm də digər əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilir, onlara hüquqlarına dair məlumat verilir. Şəhidlərimizin ailə üzvlərinə sosial təminat növləri üzrə ödənişlərin (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunması işlərinin operativ təşkili üçün postmüharibə dövrünün elə ilk günlərindən xüsusi işçi qrup yaradılıb və bütün əməkdaşlar bu işlərə səfərbər edilib. Şəhid ailələri üzvlərinin müraciətinə, onların zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılmaqla və elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunub. Artıq 2850 şəhidin 7230 ailə üzvünə 12846 istiqamət (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) üzrə sosial ödəniş təyinatı aparılıb və artıq bu proses yekunlaşmaq üzrədir. 83 mülki şəhidin 206 ailə üzvünə də 400 sosial ödəniş təyin edilib.

Eləcə də müharibədə yaralanmış qazilərimizin əksəriyyəti ilə görüş keçiriləcək, onların həm sağlamlıq, həm də sosial vəziyyətlərinin ilkin monitorinqi aparılıb. Qazilərimizin əlilliklərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə təyin edilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir. Onların sənədlərini sürətlə rəsmiləşdirir, e-sistemə daxil edir, ümumilikdə, əyani müayinə əsasında əlilliklərini qiymətləndirir. Artıq 200-ə yaxın qazimizə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Bu təyinatla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, yəni elektron sistem üzərindən təyin olunur.

Təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə, qazilərimizə məlumatlar verilir. Bir çox hallarda isə təqaüd kartları onlarla görüşlər zamanı elə evlərində təqdim olunur.

Dövlət başçısının bu kateqoriyalardan olan insanlara növbəti qayğıkeşliyi və postmüharibə dövründə daha bir mühüm dəstək tədbiri kimi cənab Prezidentin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 300 manatdan 500, müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.

Postmüharibə dövrü üzrə digər bir dəstək istiqaməti hədəf qruplarına sosial-psixoloji dəstəyin göstərilməsidir. Bu çərçivədə artıq 9 min nəfərlə psixokorreksiya işləri aparılıb, həmçinin operativ dəstək üçün yaradılan “Onlayn psixoloji xidmət” sistemində 5 psixoloq tərəfindən zənglər cavablandırılıb. Zənglər əsasında 70 şəxs psixiatra yönləndirilib, 43 şəxsin evində əyani psixoloji dəstək göstərilib və digər lazım olan tədbirlər görülüb.

Bundan əlavə, şəhid ailələrinə, qazilərə, erməni terrorundan zərər çəkən şəxslərə aktiv məşğulluq proqramları çərçivəsində dəstək verilir. Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 3700-ə yaxın şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 3030-u (o cümlədən, 1200 şəhid ailəsi üzvü) özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələr qurulub. Qeyd olunan kateqoriyalara aid 645 nəfərin haqqı ödənilən ictimai işlər, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramlarından da istifadə edilməklə məşğulluq məsələlərinin operativ həlli təmin olunub.

Başqa bir vacib məqam: normativ-hüquqi bazanın postmüharibə dövrünə uyğun olaraq təkmilləşdirilməsi işlərindən biri kimi, müvafiq qaydalarda dəyişiklik edilməklə şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də aid edilib.

- Bilirik ki, müharibədə yaralanmış qazilərimizin keyfiyyətli reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı sahəsində geniş dəstək işləri aparılır. Onu da qeyd edək ki, onlar üçün həm yeni reabilitasiya ocaqlarının açılması, digər tərəfdən qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanması cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.

- Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixi Qələbəmizin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Ali Baş Komandanın Vətən müharibəsinin elə ilk günlərində və müharibə zəfərlə başa çatandan sonra, ilk növbədə, yaralı hərbçilərimizlə görüşməsi onlara yüksək hörmət və diqqətin nümunəsi oldu. YAP-ın VII qurultayında cənab Prezident bir daha bəyan etdi: “Qazilərimiz dövlət tərəfindən bütün lazımi müalicə vasitələri ilə təmin edilir, ən müasir protezlər sifariş olunubdur. Müharibə zamanı sağlamlığını itirən qazilərimizi biz tezliklə normal həyata qaytaracağıq”.

Qeyd edim ki, dövlət başçısının gostərişi ilə son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı baxımından mühüm bazadır. 2019-2020-ci illərdə nazirliyin 11 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Artıq açılışını etdiyimiz Şağan Reabilitasiya Pansionatı ilə yanaşı, bu il daha 3 reabilitasiya və sosial xidmət müəssisəsi - Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Qəbələ Uşaq Reabilitasiya Mərkəzi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi istifadəyə veriləcək.

Prezidentin iştirakı ilə 2021-ci il fevralın 25-də açılan Şağan Reabilitasiya Pansionatında müasir tələblərə uyğun bərpa müalicəsi şəraiti yaradılıb. 128 palatadan ibarət olan 250 çarpayılıq reabilitasiya müəssiəsi ildə 5 minə yaxın əlilliyi olan şəxsə qabaqcıl metodika və texnologiyalardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstərməyə imkan verir. Yeni açılan 200 çarpayılıq Mərdəkan Reabilitasiya Pansionatının isə ildə 4500 şəxsə xidmət etmək imkanı var.

Bizim əsas hədəfimiz həm bu il reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 il əvvələ nisbətən 3 dəfə artıraraq 30 minə çatdırılması, eyni zamanda reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir. Hər iki istiqamətdə məqsədyönlü işlər aparılır.

Yeni açılan mərkəzlərdə artıq qazilərimiz həm sosial-psixoloji, həm də fizioterapevtik müalicə yönümlü reabilitasiya xidmətləri ilə əhatə olunurlar. Dəstək işləri çərçivəsində Reabilitasiya Müəssisələrində 500 qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. Artıq bir çox qazimiz bu mərkəzlərə qəbul olunub, onlar ixtisaslamış həkim-reabilitoloqlar tərəfindən reabilitasiya prosdurlarına cəlb ediliblər.

Qeyd edim ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmin təcəssümü olan təşəbbüs və layihələri müharibə əlillərini də əhatə edir. Məlum Aprel döyüşlərində yaralanmış hərbçilərimizin reabilitasiyası üçün Heydər Əliyev Fondunun “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi icra olunub. Bu layihə çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.

Söz düşmüşkən onu da bildirim ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə müharibə əlillərinin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin edilməsi məqsədilə son illər nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində də dünyanın məşhur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub.

(Ardı var)

Bəxtiyar ƏZİZLİ,

“Azərbaycan”
Sosial şəbəkələrdə paylaş





 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.03.2021
Şəhid ailələri bayram münasibətilə ziyarət olundu - FOTO
19.03.2021
Mart ayı üzrə bütün pensiya, müavinət və təqaüdlər ödənilib - Nazirlik
16.03.2021
Mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb
16.03.2021
Deputat: “Toylara icazə verilməsə, ciddi problemlər yaşanacaq” - VİDEO
13.03.2021
3700-ə yaxın şəhid, qazi ailəsi məşğulluq proqramına cəlb olunub